AZ EN

Xəzər Universiteti "Sumqayıt Dünya" məktəbində "Bilik günü" ilə əlaqədar tədbir keçirilib.

24 Oct 2023 | Sumqayit

Xəzər Universiteti "Sumqayıt Dünya” məktəbində "Bilik günü" ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunub. Çıxış üçün söz Azərbaycanda ilk özəl universitet olan Xəzər Universitetinin yaradıcısı, professor Hamlet İsaxanlıya verilib. Professor məktəbin yaranma tarixindən danışaraq şagirdləri və valideyinləri bu əlamətdar gün münasibəti ilə təbrik edib. O, Sumqayıtın Azərbaycanın üç böyük şəhərindən biri olduğunu bildirərək, "Sumqayıt Dünya” məktəbində ən güclü pedaqoqların toplaşdığını, məktəbdə şagirdlərin daha yaxşı təhsil almaları üçün hər cür şərait yaradıldığını və bu şəraitin daha da artırılacağını söyləyib. H.İsaxanlı valideynlərin övladlarının təlim-tərbiyəsini "Dünya” məktəbi kollektivinə həvalə etdikləri üçün təşəkkür edib.

Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək valideyinləri, şagirdləri və müəllim kollektivini "Bilik günü" münasibəti ilə təbrik edib, "Sumqayıt Dünya" məktəbinin uğurlarından danışıb. Şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb.

Tədbir zamanı "Dünya" məktəbi şagirdlərinin cari nailiyyətləri barədə də söz açılıb. Belə ki, bu il də "Dünya" məktəbi şagirdləri respublika və beynəlxalq fənn olimpiadalarında yüksək nailiyyətlər əldə ediblər. STEM beynəlxalq olimpiadası, AMO Amerika Riyaziyyat olimpiadası, TeenEagle ingilis dili olimpiadası, SASMO Riyaziyyat olimpiadası, World Schoolar Cup olimpiadası şagirdlərinin qalib olduqları yarışmalardır. Bu yay bütün ölkəyə səs salan dünyanın ən nüfuzlu olimpiadalarından olan Kopernik Beynəlxalq Riyaziyyat olimpiadasının qızıl medalçısı 11-ci sinif şagirdi Mehrab Əlizadə də, SASMO olimpiadasının bürünc medalçısı 3-cü sinif şagirdi Ramzan Həmidov da "Sumqayıt Dünya" məktəbinin şagirdləridir.

Musiqili-bədii proqramla davam edən tədbirin sonunda birincilər ilk zəngin sədaları altında məktəbə daxil olublar.

Qeyd edək ki, məktəbdə tədris 3 dildə – Azərbaycan, rus və ingilis dillərində aparılır. Məktəbin əməkdaşları və müəllimləri müxtəlif ölkələrdə təlim keçmiş, təhsil və tədrisdə beynəlxalq təcrübəni tətbiq edən mütəxəssislərdir. Məktəbin məzunları dünyanın tanınmış ali təhsil ocaqlarında təhsil alırlar.

Tövsiyələr